Ələkbər Zeynalabdin oğlu Tahirzadə-ci il mayın 30-da Şamaxıda
anadan olmuşdur. Atası kiçik baqqal dükanı olan dindar bir kişi idi və
Ələkbəri gələcəkdə ruhani görmək istəyirdi. Buna görə oğlu səkkiz
yaşına çatanda onu mollaxanaya qoymuşdu.
Mollaxanada şagirdlərin ilk vəzifəsi Quranı
oxumaq idi. Ancaq Ələkbər Quranı oxuyub başa vurmadan yazı yazdığı üçün
mollası tərəfindən falaqqaya salınıb döyülmüşdü. Onu sıxan yalnız
mollaxanadakı dözülməz qanun-qaydalar, maraqsız keçən dərslər idi. Evdə
ata və anası səkkiz yaşlı oğullarını oruc tutmağa, namaz qılmağa məcbur
edirdilər. Sabirin uşaq vaxtı yazdığı üç misralıq ilk şerində bu acı
həqiqət çox təsirli ifadə olunur:
Tutdum orucu irəmazanda,
Qaldı iki gözüm qazanda,
Mollam da döyür yazı yazanda.
Sabir 12 yaşına qədər mollaxanada oxumuş, sonra məşhur şair Seyid Əzimin
açdığı yeni üsullu məktəbə keçmişdi. Bu məktəb onun üçün faydalı olmuş,
xüsüsilə biliyinin və şairlik istedadının inkişafına kömək etmişdir.
Müəllimi Ələkbərə fars dilindən şerlər tərcümə etdirir, sonra bu
tərcümələri oxuyub ona məsləhətlər verir, məktəbli şairin yaradıcılıq
həvəsini artırırdı.
Seyid Əzim öz şagirdinin tərcümələri ilə bərabər, orijinal şerlərini
də oxuyub redaktə edirmiş. Lakin bir-iki il sonra atası Ələkbəri
təhsildən ayırıb öz dükanında köməkçi işlədir. Ancaq elmə və ədəbiyyata
həvəsi sönməyən gənc yenə oxuyub yazmağında davam edir. Dostu Abbas
Səhhətin yazdığına göre, Sabir alış-verişdən ziyadə oxuyub-yazmağa
həvəs göstərdiyi üçün atası hirslənib tez-tez onu məzəmmət edirmiş:
hətta bir dəfə şer dəftərini də cırıbmış.
Atasının bu hərəkəti gənc Sabirə ağır təsir etsə də, onu mütaliədən
və şer yazmaqdan çəkindirə bilmir. Əksinə, bu münasibətlə yazdığı bir
qitəsində o, şer dəftərinin atası tərəfindən cırılmasına cavab olaraq
şairlikdən əl çəkməyəcəyini, atası onu bir də incidərsə, Şamaxıdan
çıxıb gedəcəyini qeyd edir.
Doğrudan da, Sabir atasının verdiyi əzab-əziyyətdən xilas olmaq üçün
1885-ci idə ziyarət adı ilə səyahətə çıxıb, Orta Asiyaya, oradan da
İrana gedir.O, Səbzivar, Nişapur, Səmərqənd, Buxara, Xorasan və başqa
şəhərləri gəzir. Bir tərəfdən yerli feodal və ruhani ağaların taladığı
bu yerlərin yoxsulluğu və cəhaləti şairə ağır təsir bağışlayırsa, o
biri tərəfdən bu şəhərlərdə tərəqqipərvər alim və yazıçılarla görüşüb
tanış olur.
İlk səfərindən qayıdandan sonra 1887-ci ildə o, qohumlarından olan
Büllurnisə adlı qızla evlənir. On beş il ərzində onun 8 qızı, bir oğlu
dünyaya gəlmişdir. Belə böyük ailə sahibi olmaq Sabirin vəziyyətini
olduqca çətinləşdirmişdi. Başqa bir sənəti olmayan şair ailəsini
dolandırmaq üçün sabun bişirib satır, ailəsini çox çətinliklə
dolandırırdı. Buna baxmayaraq o, yenə dövrünün qabaqcıl ziyalıları ilə
əlaqə saxlayır, bədii yaradıcılıqla məşğul olurdu.
1902-ci ildə baş vermiş dəhşətli zəlzələ şəhəri tar-mar
etmişdi.Yanğın nəticəsində şəhərdə yüzlərcə imarət yanıb külə dönmüş,
əhalinin çox qismi evsiz-eşiksiz, quru yerdə qalmışdı. Bu zaman Sabirin
evi də dağılmışdı. Şair tək başına böyük bir çətinliklə ailəsi üçün
müvəqqəti bir daxma düzəltmişdi.
Mirzə Ələkbər Sabirin Bakıdakı həykəli
Xatirələrdə deyilir ki, çox fədakar, qayğıkeş, mehriban ailə başçısı
olan Sabir uşaqlarının yalnız maddi ehtiyacını deyil, mənəvi rahatlıq
və tərəqqisini də təmin etməyə çalışmışdır. O, arvadını və qızını
savadlı görmək istəyir, onlara əlifba öyrədirmiş. Şairin qızı Səriyyə
sonralar yazırdı ki, həyatının olduqca ağır, sıxıntılı keçməsinə
baxmayaraq, atam xoş üzlü,zarafatçıl, səmimi idi.
XIX əsrin sonu, XX əsrin ilk illərində ağır ailə qayğısı çəkən Sabir
şerdən bir qədər uzaqlaşsa da, tamam ayrılmamışdı. 1901-ci ildə
Şamaxıya qayıdan Abbas Səhhətin bu zaman onu mənəvi cəhətdən böyük
köməyi dəymişdi. Onlar boş vaxtlarında Şamaxının o zamankı
ziyalılarından Ağəli Bəy Nasəh və Məhəmməd Tərrahla kiçik bir ədəbi
məclis düzəldib, axşamlar klassik şairlərin və ya özlərinin şerlərini
oxuyub təhlil və müzakirə edirdilər.
XX əsrin əvvəllərindən başlayaraq Sabirin şerləri mətbuat
səhifələrində görünür. 1903-cü ildə "Şərqi-Rus” qəzetində onun şeri çap
olunur. Bir qədər sonra isə o,”Həyat” qəzetində şer çap etdirir.
1906-cı ildə "Molla Nəsrəddin”
jurnalını öz arzularına müvafiq həqiqi bir xalq jurnalı kimi qarşılayıb
onun ən sevimli şairi, ən fəal müəlliflərindən biri oldu.
Bu zamandan C.Məmmədquluzadə ilə Sabir arasında qırılmaz dostluq
münasibətləri yarandı. Hər iki sənətkar əməkçi xalqın qanını soran
zalım ağalara, yaltaq ruhanilərə, satqın ziyalılara sarsıdıcı zərbələr
vururdu. Bütün bunların nəticəsi olaraq Sabir özünə çoxlu dost
qazandığı kimi, düşmən də qazanmışdı. Şerlərini gizli imzalarla
yazmasına baxmayaraq, istər Şamaxıda və Bakıda, istərsə də Azərbaycanın
başqa yerlərində və İranda bir çox irticaçılar şairin əsərlərini
pisləyir, onun yazdığını oxuyanları kafir elan edirdilər. Hətta bəzən
ruhanilər Sabirin ölümünə fitva verir, varlılar ona hədələyici
məktublar göndərir, qoçular küçədə yolunu kəsib ağır sözlər deyirdilər.
1907-ci ilin əvvəllərində Sabir sabun bişirib satmaqdan əl çəkib,
mətbuat və maarif sahəsində çalışmaq, şer yaradıcılığını daha müntəzəm
davam etdirmək qərarına gəlir. O, Bakıya gəlib bir müddət "İrşad”
qəzetinin redaksiyasında korrektor işleyir və müəllimlik imtiyazı əldə
etmə üçün imtahan verməyə hazırlaşır. Bu arada Qori müəllimlər
Seminariyasında işləyən müəllim dostlarından bir neçə fərəhli məktub
alır. Həmin məktublarda deyirdi ki, yaxın zamanlarda seminariyanın
Azərbaycan şöbəsində müəllim yeri boşalacaqdır. Dostları şairə həmin
yeri tutmaq üçün təşəbbüs etməyi məsləhət görür və bu işdə ona kömək
edəcəklərini bildirir.
1908-ci il aprelin 11-də Bakı quberniya ruhani idarəsində imtahan
verən şair mayın 7-də Tiflisə gedib, Qafqaz şeyxülislamı idarəsindən
ana dili və şəriət müəllimi diplomu alır. Lakin Qoridən aldığı bir
məktubdan sonra o, seminariyadan ümidini kəsməli olur. Bir müddət şair
Şamaxı məktəblərindən birində köməkçi müəllim sifətilə dərs deyir.
Müəllim yoldaşları onun dərin bilik və pedaqoji ustalıqla verdiyi
dərsləri çox bəyənirlər.
Həmin ilin sentyabr ayında Sabir çoxdan arzuladığı "Ümid” məktəbini
açmağa müvəffəq olur. Bu məktəbdə 60-a qədər şagird oxuyurdu.Yeni
üsülda olan başqa məktəblərdəki kimi burada da şagirdlər skamyada
oturur, əyani vəsaitlərdən istifadə edir, ekskursiyaya çıxırdılar.
Məktəbdə ana dili, fars dili, hesab, coğrafiya və təbiətə dair məlumat
verilir, Quran və şəriət dərsləri tədris edilirdi.
1910-cu ilin əvvəllərində Sabir Bakıya işləməyə gəlir. Əvvəlcə
"Zənbur” jurnalının redaksiyasında çalışır. Az sonra Balaxanı
məktəbində böyük həvəslə dərs deməyə başlayır. Müəllimliyi ilə bərabər,
şair Balaxanı neft mədənlərində işləyən fəhlələrə, yerli inqilabçılara
yaxınlaşaraq, onların açdıqları "Nur” kitabxanasının fəal üzvü olur. O
ilin yazından Sabir Bakıda çıxan "Günəş” və "Həqiqət” qəzetlərinin
redaksiyasında işləyir. "Günəş” qəzeti hər həftənin cümə günü
"Palanduz” sərlövhəsi ilə gülüş səhifəsi buraxırdı. Sabir bu səhifədə
"Nizədar” və "Çuvalduz” imzaları ilə müntəzəm surətdə ifşaçı əsərlər
çap etdirir. Şair eyni zamanda "Molla Nəsrəddin”ə də yazmaqda davam edir.
Aylarla ehtiyac içində, işsiz, əzab-əziyyətlə dolanan böyük şair
1910-cu ilin axırlarında ciyər xəstəliyinə tutulub, Şamaxıya qayıdır.
1911-ci ilin may ayında o, müalicə üçün Tiflisə gedib, dostu
C.Məmmədquluzadənin evində yatır. "Molla Nəsrəddin”in
əməkdaşları şairə böyük qayğıkeşlik göstərirlər. Xəstəliyinin getdikcə
şiddətləndiyinə baxmayaraq, Sabir yenə şer yazmağa davam edir,
yeni-yeni taziyanələr üzərində işləyir, "Molla Nəsrəddin” jurnalının redaksiya işlərinə yaxından kömək edir.
İyun ayında həkimlər şairə cərrahiyə əməliyyatı aparmağı təklif
edirlər. Lakin xəstə buna razı olmur. O, Şamaxıya qayıdır. Axır
günlərindən birində şair deyir:
- İstərəm ölməyi mən, leyk qaçar məndən əcəl,
- Gör nə bədbəxtəm, əcəldən də gərək naz çəkəm!
"Molla Nəsrəddin”
jurnalı 1911-ci il 14-cü sayında xəstə şairə maddi yardım etməyə
çağıran bir elan dərc edir. Bu elandan sonra Rusiyanın və Şərqin bir
çox şəhərlərindən onlarla oxucu böyük xalq şairinə məhəbbət və hörmət
əlaməti olaraq "Molla Nəsrəddin”in ünvanına ianə göndərirlər.
Xəstəliyinin çox şiddətləndiyini və ona başqa bir əlac olmayacağını
görən şair cərrahiyə əməlliyatına razı olub, iyulun 8-də Bakıya gəlir.
Lakin artıq həkimlər cərrahiyənin də heç bir fayda verməyəcəyini
söyləyərək, ona tez Şamaxıya qayıtmağı məsləhət görürlər. Jurnalist
H.Qasımov xəstə şairlə Bakıda son görüşünü xatırlayaraq yazır:
"...Qəzetdə yazarsan, Sabir deyirdi ki, mən vücüdumda olan ətimi
xalqımın yolunda çürütdüm. Əgər ömür vəfa etsəydi, sümüklərimi də
xalqımın yolunda qoyardım”.
1911-ci il iyulun 12-də, həyatının və yaradıcılığının ən parlaq bir
vaxtında Sabir vəfat edir. Şairin cənazəsi Şamaxıda "Yeddi günbəz
qəbiristanı”nda dəfn olunur.
Sabirin xatirəsinə hörmət əlaməti olaraq vəfatından bir il sonra,
1912-ci ildə arvadı Büllurnisə xanım, dostları Abbas Səhhət və
M.Mahmudbəyovun səyi ilə onun şerləri "Hophopnamə” adı ilə çap olundu.
Oxucular kitabı hərarətlə qarşıladılar. İki il sonra xalqın ianəsilə
"Hophopnamə”nin ikinci, daha mükəmməl nəşri buraxıldı. Sovet
hakimiyyəti illərinde Sabir irsinə maraq görülməmiş dərəcədə artdı,
"Hophopnamə” böyük tirajla bir neçə dəfə çap olundu.
|